Azərbaycanda «İcbari sığorta haqqında» qanun layihəsi ayrı-ayrı dövlət qurumlarının müzakirəsinə verilib və onlardan təkliflər toplanır. Bu barədə Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namiq Xəlilov məlumat verib. O, bildirib ki, sənəddə sığorta xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası» növündə sığorta ödənişlərinin 5 dəfə artırılaraq 5 min manata çatdırılması və digər sığorta növlərinin xüsusiyyətlərində dəyişikliklərin edilməsi kimi məsələlər öz əksini tapıb.
«Sığorta ödənişlərinin artırılmasının əsas məqsədi bunu beynəlxalq praktikaya uyğunlaşdırılmasıdır, ikincisi isə azərbaycanda mövcud olan avtomobillərin daha müasir və qiymətli olması ilə bağlıdır. Çünki 1000 manat məbləğində ödəniş günün tələblərinə cavab vermir. Artıq biz müşahidə edirik ki, bizim avtomobil yollarında hərəkət edən avtomobillərin qiyməti durmadan artır və düşünürük ki, ilkin mərhələdə bu məbləği 5 min manatadək artıraq. Lakin 5 min manat da mövcud tələblərə tam cavab verməyəcək»,-deyə N.Xəlilov bildirib. Onun sözlərinə görə, ödənişlərin artırılması ilə yanaşı, sığorta haqlarının artırılması da gözlənilir. Sığorta haqları isə avtomobillərin mühərrikinin həcminə görə müəyyənləşəcək. Bütün bu yeniliklərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. /ANS TV/
Açar sözlər:
