Son illərdə Azərbaycan Respublikasında elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və geniş miqyaslı tətbiqi ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə əlverişli zəmin yaratmışdır. Bu sahədə görülən işlərin daha da sürətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2.5 milyon (iki milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 iyul 2008-ci il.
Açar sözlər:
