1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmıb. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənib.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşub, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülüblər.
Ermənistan-Azərbaycan münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adı verilib, 86 əməkdaş «Azərbaycan Bayrağı» ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının - İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilib.
Daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarına əsasən N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə «Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu» təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşları müəyyən edilib, barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılıb.
Müstəqillik illərində Daxili İşlər Naziri vəzifəsini tutanlar:
Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 - 17.06.1918)
Behbudxan Cavanşir (17.06.1918 - 26.12.1918)
Xasməmmədov Xəlil bəy (26.12.1918 - 16.06.1919)
Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 - 22.12.1919)
Hacınski Məmmədhəsən (22.12.1919 - 15.02.1920)
Vəkilov Mustafa bəy (15.02.1920 - 28.04.1920)
Sultanov Həmid Həsən oğlu (28.04.1920 - 01.06.1921)
Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 - 22.05.1927)
Rizayev Novruz Kərim oğlu (22.05.1927 - 10.07.1929)
Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 - 05.02.1941)
Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 - 01.06.1943)
Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 - 06.06.1953)
Quskov Anatoliy Mixayloviç (08.08.1953 - 25.03.1954)
Buliqa İvan Yefistovyeviç (30.04.1954 - 10.07.1956)
Kərimov Əli Həbib oğlu (11.08.1956 - 05.02.1960)
Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 - 05.01.1965)
Əlizadə Məmməd Əli oğlu (05.01.1965 - 19.03.1970)
Heydərov Arif Nəzər oğlu (19.03.1970 - 20.07.1978)
Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 - 06.04.1987)
Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 - 09.05.1990)
Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 - 18.11.1991)
Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 - 20.02.1992)
Əliyev Tahir Yunus oğlu (24.02.1992 - 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 - 16.04.1993)
Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 - 25.06.1993)
Novruzov Vaqif Yusif oğlu (07.07.1993 - 29.04.1994)
Usubov Ramil İdris oğlu (29.04.1994)
Açar sözlər:
Prezident İlham Əliyev neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında sərəncam verib. Ölkənin neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə səhmləri tamamilə dövlətə məxsus olan qapalı tipli “Azəriqaz” Səhmdar Cəmiyyəti Dövlət Neft Şirkətinin tabeliyinə verilib.
Dövlət Neft Şirkətinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə tapşırılıb ki, “Azəriqaz” Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsini və dövlət qeydiyyatına alınmasını təmin etsinlər.
Sərəncama uyğun olaraq Dövlət Neft Şirkətinin Nizamnaməsi və Strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin bir ay müddətinə hazırlanması nəzərdə tutulub. /ANS PRESS/
Açar sözlər:
Azərbaycan Tarif (qiymət) Şurası “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna əsasən Tarif (qiymət) Şurasının bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edib.
Şuranın iclasında qəbul edilmiş qərara əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sahəsində və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri barəsində Tarif Şurasının əvvəllər qəbul edilmiş qərarlarının qüvvədən düşdüyü bildirilib.
Bununla yanaşı, Standartlaşdırma, Metrologiya, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Dəniz Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti sahəsindəki və küçə reklamlarının yerləşdirilməsi və yayımı sahəsindəki xidmətlərin, həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə qəbul edilmiş qərarların bəzi bəndləri və bölmələri də qüvvədən düşmüş hesab olunub.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə əvvəllər qəbul edilmiş qərarlara isə bəzi əlavə və dəyişikliklər edilib.
Şuranın qərarına əsasən, son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 % arasında aşağı salınıb.
Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri müvafiq olaraq 30, 60 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edib.
Tarif Şurasının iclasında “Azəriqaz” QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub. Şura əhaliyə satıln təbii qazın hər 1000 m3 qiymətini 47,2 manatdan 100,0 manata dəyişdirib. Qurum bu qərarı təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsinin nəzərə alınması ilə əsaslandırıb.
Qəbul olunmuş qərarlar bu gündən tətbiq ediləcək./ANS PRESS/
Açar sözlər:
İyul ayının ilk iki günündə Bakı və Abşeron yarmadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Lakin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah havanın arabir tutulacağı, axşam yarmadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 20-29 dərəcə olacaq.
Rayonlarda isə bu gün və sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə saatlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu 16-32 dərəcəyə kimi artacaq.
Bu günlər ərzində güclü Xəzri küləyi ilə əlaqədar nisbətən sərin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir./ANS PRESS/
Açar sözlər:
Yeniliklərə həssas bir xalq olaraq cib telefonundakı texnoloji inkişafları çox yaxından izləyir, GSM operatorlarının təsirli kampaniyaları sayəsində kimimiz iPhone, kimimiz BlackBerry arxasınca qaçır, kimimiz də ən yaxşı halda Nokianın son modelləri ilə kifayətlənməli oluruq.
Bəzi dostlarımız hətta yanında iki-üç telefon gəzdirir. Həyatımıza gətirdiyi rahatlıqları kiçik hesab edilməyəcək qədər çox olan cib telefonları şüursuzca və ya fasiləsiz istifadə edildikdə həm sağlamlığımıza, həm də büdcəmizə ciddi zərər verə bilir. Ona görə də mobil telefonlardan istifadə edərkən bəzi əhəmiyyətli məsələlərə diqqət yetirmək vacibdir.
Qaynar.info-nun Türkiyə mətbuatına istinadən hazırladığı vacib məsləhətləri təqdim edirik:
Cib telefonunuzun təchizat və proqram təhlükəsizliyi üçün
* Yeni bir cib telefonu aldığınızda dərhal SİM kartın PİN kodunu daxil edin. PİN kodu şifrəsini təhlükəsizlik səviyyəsini artırmaq üçün 4 xanadan çox edin.
* Kafe, restoran, işyeri, avtomobil kimi yerlərdə cib telefonunuzu yad əllərə keçə biləcəyi şəkildə buraxmayın.
* Telefonunuzda *#06# yığaraq IMEI (IMEl-International Mobilə Equipment Identification- Beynəlxalq Mobil Cihaz İdentifikasiyası) nömrəsini öyrənib IMEI məlumatlarını telefonunuz xaricində bir yerə yazın. Bu nömrə gələcəkdə telefonunuzun oğurlanması və ya itməsi vəziyyətində işinizə yaraya bilər.
* Fərdi məlumatlarınızı, xüsusilə istifadəçi adı, şifrə, PİN kodu, bank, ya da kredit kartı məlumatlarınızı heç bir veb saytına daxil etməyin, ya da bu cür məlumatları cib telefonunuzdan SMS, MMS və ya e-poçtla göndərməyin.
* Fərdi kompüterlərdən telefonunuza bir proqram və ya bir sənəd göndərməzdən əvvəl, göndərəcəyiniz elementi mütləq fərdi kompüterinizdə və ya cib telefonunuzda virus yoxlamasından keçirin.
* Telefonunuz normal işləmədikdə və ya hansısa suallarınız yarandıqda təsadüfi şəxslərə və ya təsadüfi mobil telefon təmirçilərinə müraciət etməyin.
* Telefonunuzdakı elektronik detallar istiliyə və nəmə qarşı çox həssasdır. Ona görə də cihazınızı çox yüksək və ya çox aşağı istilikdən, nəmdən və sudan qoruyun.
Cib telefonunuzun sağlamlığınızı pozmaması üçün
* Cib telefonunun zərərləri danışma müddəti artdıqca daha təsirli olduğu üçün telefon danışıqlarınızı çox uzatmayın. Əgər danışma müddəti uzanacaqsa, qulaqlıqla danışmağı seçin. Qulaqlığınız yoxdursa, telefonu arada əldən-ələ dəyişdirərək digər qulağınızla dinləyərək danışın.
* Cib telefonunuzu çox əhəmiyyətli bir zəng gözləmirsinizsə mümkünsə bağlı saxlayın.
* Uşaqlarda sinir sistemi və beyin inkişafının davam etməsi səbəbindən uşaqların və gənclərin yetkin yaşlı insanlardan daha çox risk altında olduğu realdır. Buna görə 16 yaşdan kiçik uşaqlara cib telefonundan istifadə etməyə icazə verməyin.
* Cib telefonu gəzdirərkən mümkün qədər bədəninizə təmas etməyəcək şəkildə saxlayın. Xüsusilə ürəyə yaxın bölgələrdə və ya köynək cibində cib telefonu daşımayın. Çanta varsa, çantada daşımaq ən yaxşı yoldur. Mütləq şalvarınızın cibində daşımaqda israrlısınızsa, heç olmasa ön cib yerinə arxa cibdə daşımağa çalışın.
* Cib telefonunu işlədiyiniz və yatdığınız yerdə özünüzdən ən az 1 metr uzaqda saxlayın.
* Telefonunuz elektrik şarjında ikən qəti istifadə etməyin.
Casus proqramlarla telefon görüşmələrinizin dinlənməsini önləmək üçün
* Qəti şəkildə kimsədən hədiyyə cib telefonu götürməyin.
* SMS yolu ilə göndərilən mesajlara diqqət yetirin.
* Cib telefonu viruslarından əziyyət çəkməmək üçün üçün, cib telefonu üçün çıxarılmış antivirüs və anti casus proqramları yükləyin.
* Telefonunuzu iş mühitinizdə belə qısa müddət də olsa başqalarının əlinə keçməsinə imkan verməyin.
* İnternet mühitindən etibarlı olmayan saytlardan fayl (mp3, proqram, video) endirməyin.
* Cib telefonunuzdakı bluetooth funksiyasını ehtiyacınız olduğu zaman şifrəli bir şəkildə işə salın.
* Tanımadığınız kəslərdən bluetoothla fayl transferi etməyin.
Cib telefonunuzun batareyasındakı enerjinin uzun müddət bitməməsi üçün
* Orijinal şarj cihazları və batareyaları istifadə edin.
* Cib telefonunuzun nizamlarından işıqlandırma müddətlərini qısaldın və ekran parlaqlığının şiddətini azaldın.
* Telefonunuzdakı açılış və bağlanışdakı səsləri bağlayın.
* İstifadə etmədiyiniz müddətlərdə bluetooth, WLAN və s. funksiyaları deaktiv edin.
* Davamlı olaraq şəbəkə axtaran bir telefonun batareyası erkən bitər. Bu səbəbdən şəbəkə siqnalının zəif olduğu mühitlərdə uzun müddət qalmanız lazım olsa, cib telefonunuzu söndürün.
* Cib telefonunuzu yüksək istilikdən qoruyun.
* Telefonunuzun enerji istehlak canavarı olan vibrasiya xüsusiyyətini deaktiv edin.
* Telefonunuzdakı xüsusilə vizual oyunlar da böyük miqdarda enerji itkisinə səbəb olar.
Cib telefonu oğurlanınca nə etməli?
* Telefonunuzun oğurlanması zamanı dərhal cib telefonu operatorunuzun müştəri xidmətlərini arayaraq, hadisə haqqında məlumat verin və xəttinizin müvəqqəti bağlanma əməliyyatlarını başladın.
* Daha sonra cihazınızın IMEI nömrəsi və telefonun sizə aid olduğunu ifadə edən bir sənədlə olduğunuz bölgədəki ən yaxın polis bölməsinə müraciət edin. Müraciət etdiyiniz IMEI kodu vasitəsiylə GSM operatorları ilə əlaqə qurmaq və telefonunuzun hansı SIM kart ilə kimin tərəfindən istifadə edildiyini təyin etmək mümkün olacaq.
* Telefonunuzun tapılması zamanı sizə məxsus olduğunu sübut etməniz üçün telefonunuzun sənədləri istəniləcək. Buna görə də hər ehtimala qarşı mütləq telefonunuzun sənədlərini saxlayın. Hətta ikinci əl telefonu alsanız belə, satın aldığınız adamdan əvvəlki satış müqaviləsini və etdiyiniz satın almaya dair hər hansı bir sənəd, məsələn notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi tələb edin.
// Xanlar Xoca, QayNar
Açar sözlər:
Qaynar.info-nun verdiyi xəbərə görə, artıq Bakıda bir sıra görüşlər keçirən nümayəndə heyəti sabah saat 10:00-da "İrəli" İB-nin qərargahında olacaq.
Belə ki, “Kamolot” ictimai hərəkatının mərkəzi şurasının sədri Akram Alimov, şöbə müdiri Kamoleddin Berdiyev, mərkəzi şurası nəzdindəki tədris mərkəzinin baş mütəxəssisi Larisa Yun, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahını ziyarət edəcək.
Görüşdə gənclər siyasəti sahəsindəki birgə və qarşılıqlı əməkdaşlığa dair planlar və layihələr müzakirə olunacaq.
Açar sözlər:
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 91 il keçir. İlk dəfə olaraq 1918-ci il iyunun 26-da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradıması haqqında qərar çıxarılıb və Azərbaycanda ilk əlahiddə korpus yaradılıb. Bununla da ölkənin hərb tarixində şərəfli bir yolun əsası qoyulub.
Bu qərarı çıxardanlar keçmiş rus ordusunun azərbaycanlılardan ibarət olan "Dikaya diviziya" adlanan 600 nəfərlik alayı olub. Həmin alayın komandiri general Əliağa Şıxlinski idi.
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilmiş və həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdir. Azərbaycan ordusunun 21 generalından 15-dən çoxu bolşeviklər tərəfindən güllələnib. Azərbaycan ikinci dəfə müstəqil olandan sonra, 1991-ci ilin sentyabrında Ali Sovet Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib. /ANS PRESS/
Açar sözlər:
Qəbul imtahanlarının ikinci mərhələsinin nəticələrinə əsasən, 3541 bakalavr Azərbaycan ali məktəblərinin, 10 nəfər isə Türkiyə ali məktəblərinin magistratura pilləsinə qəbul olub.
"İmtahanda iştirak hüququ olan 6293 bakalavrdan 6240 nəfəri imtahanda iştirak edib, 53 nəfər imtahana gəlməyib. Bir nəfər isə imtahan qaydalarını pozduğu üçün xaric edilib", - TQDK-nın məlumatında bildirilib.
TQDK bildirir ki, ali məktəblərin magistratura pilləsinə qəbul olanlar iyunun 25-dən iyulun 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apellyasiya komissiyası tərəfindən baxılacaq. Hazırda ali məktəblərə qəbul imtahanlarına hazırlıq işləri görüldüyündən apellyasiya bir aydan sonra (iyulun 28-dən 30-dək) aparılacaq. Göstərilən tarixdə müsabiqə şərtlərini ödəyən bakalavrlarlardan magistraturanın boş qalan plan yerlərinə ərizələr qəbul ediləcək.
Açar sözlər:
Qabaqki yazılar
- Azərbaycanın fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 mini ötüb
- "Azərbaycan dili" fənnindən imtahanın nəticələri açıqlandı
- Misir Mərdanov: "Mərkəzləşdirilmiş buraxlış imtahanlarında 96 min 595 şagird iştirak edib"
- Tanınmış skripka ifaçısı Kazbek Əliyev 48 yaşında vəfat edib
- İlham Əliyev bir qrup səhiyyə işçisini təltif etdi (TAM SİYAHI)
- Bu gün Milli Qurtuluş günüdür
- Azərbaycan və Ermənistan müdafiə nazirləri Brüsseldə görüşüblər
- Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- Bakıda Microsoft-un İnnovasiya Günü keçiriləcək
- Bakı-Rusiya və Bakı-Şamaxı yolu bu ilin oktyabr ayında hazır olacaq
- 15 və 26 iyun qeyri-iş günləridir
- Vaşinqtonun Azərbaycana daha çox maliyyə yardımı ayırması erməniləri təşvişə salıb
- Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü başa çatıb
- İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxıb
















